Şimali Kipr prezidentinin atası vəfat edib 

10:45 24.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatarın atası Rüstəm Tatar bu səhər vəfat edib.

Hafta.az-ın yazdığına görə, 91 yaşında vəfat edən Rüstəm Tatar bu gün dəfn ediləcək.

Rüstəm Tatar kimdir? O, 23 oktyabr 1930-cu ildə Bafın Yakacık kəndində doğulub. İbtidai təhsilini 1941-ci ildə tamamlayan Rüstəm Tatar, 1947-ci ildə ancaq oğlanların oxuduğu Kıbrıs Türk İslam Liseyinin Kollec şöbəsinə daxil olub və buranı fərqlənmə ilə bitirib. 

1948-ci ildə Londonda Matrucilation məktəbində imtahanı uğurla verən Rüstəm Tatar, 1951-ci ildə Nottingham Universitetinin Maliyyə və İqtisadiyyat fakültəsindən məzun olur. 

Rüstəm Tatar 1959-cu ildə Canev Tatarla ailə qurur və bu evlilikdən Ersin və Erhan adlı iki oğlu doğulur. 

Rüstəm Tatar KKTC-nin siyasi həyatında da müəyyən rol oynayıb. O, Kıbrıs Cümhuriyyətinin yaradılması ilə nəticələnmiş müzakirələrdə Kıbrıs Türk heyətində sözçü olaraq yer alıb, 1960-cı ildə isə türk ve yunan xalqlarının bərabər ortaqlığında qurulan Kıbrıs Cümhuriyyətinin ilk Sayıştay (bizim başa düşdüyümüz Audit Palatası) sədri olub. Tatar bu vəzifəsini 1963-cü ildə ENOSİS-i (Adanın Yunanıstana birləşdirilməsi proqramı) gerçəkləşdirən yunanların hücumlarınadək davam etdirib.

Rüstəm Tatar qanlı Noel hücumlarında, Kıbrıs türklərinin Cümhuriyyətin idarəetmə orqanlarından silah gücüylə kənarlaşdırılmasından sonra - 1964-cü ilin yanvar ayında Kıbrıs türk xalqının idarəedici və icraedici orqanı olaraq qurulan Ali Komitədə maliyyə və mühasib sahələrində çalışıb, 1967-1975-ci illərdə Müvəqqəti Kıbrıs Türk hökumətində, Kıbrıs Türk Hökuməti və Muxtar Kıbrıs Türk Hökumətində Maliyyə və Büdcə İşləri Naziri olaraq işləyib.

Şəxsi həyatda, 1977-ci ildə ikinci evliliyi olur. O, İsmət Tatarla evlənir və üçüncü övladı olan Həvva Tatar dünyaya gəlir.

Rüstəm Tatar 1984-2005-ci illər arasında BMT yanında fəaliyyət göstərən İtkin Şəxslərin Axtarışı Komitəsinnin Kıbrıs Türk Təmsilçisi olaraq çalışıb.

KKTC-də "Chartered", "Certified" və Andlı Maliyyə Müşavirləri Dərnəyinin sədri də olmuş Rüstəm Tatar 2005-ci ildən sonra dövlətə bir çox məsələlərdə sözçülük edib və önəmli töhfələrini verib.

Allah rəhmət eləsin!